- 21 Aprel 2012

Sümük halqaları ilə vertikal auqmentasiya

Şərh yoxdur »
Sümük halqaları ilə vertikal auqmentasiya

Nümayiş etdirilən texnikada tək cərrahi müdaxilə ilə dəqiq otuzdurulan halqaşəkilli sümük transplantatları vasitəsilə sümük qüsurlarının üç-ölçülü vertikal auqmentasiyası və dental implantatların yerləşdirilməsi təsvir olunur. Resipiyent (qəbul edən) sahənin preparasiyası və sümük transplantatlarının alınması trepan frezerlər vasitəsilə həyata keçirilir. Daxilində implantat yatağı hazırlanmış transplantat donor sahədən kəsilib çıxarılır və o (transplantat) resipiyent sahəyə implantat vasitəsilə fiksasiya olunur.

Bernard Gezenhagen (DMD), Medical Director, Pro-Implant Institute.
Institute for Dental Implantology and Aesthetic and International Training Centre, Melzungen, Almaniya.

  • Giriş.

Dental implantologiya üç-ölçülü sümük defektləri hallarında blokşəkilli autogen sümük transplantatları ilə vertikal auqmentasiya adətən iki etaplı cərrahi müdaxilə vasitəsilə həyata keçirilir. Transplantatların sağalma dövründə sümük itkisinin qarşısını almaq üçün onların(transplantatların) resipiyent sahəyə çox yaxşı uyğunlaşdırılması və ora möhkəm fiksasiyası çox zəruridir. Yaranan hər-hansı bir boşluqlar süngərvari sümük ilə (donor sahədən alınmış) və ya sümük əvəzedici materiallarla doldurulmalıdır. Auqmentasiya olunan sahənin baryer membran ilə örtülməsi rezorbsiya proseslərinin qarşısını almağa imkan verir. İlkin dövrdə uyğunlaşma atrofiyası adlanan sümük transplantatlarının həcminin azalması prosesi baş verir. Cərrahlar bu prosesi yaxşı bilərək, sümük itkisinin qarşısını almaq məqsədilə, sümük transplantatlarının ətraflarını gec rezorbsiya olunan sümük əvəzedici materiallarla auqmentasiaya etməyi təklif etdilər.

  • Metod.

Nümayiş etdirilən metodun məqsədi bir cərrahi müdaxilədə blok şəklində sümük transplantatının köçürülməsini və dental implantatının yerləşdirilməsini kombinasiya etməkdir. Müalicədə tam müvəffəqiyyət əldə etmək üçün bir neçə tələblərə riayət olunmalıdır:

  1. Dental implantatın ilkin sabitliyini təmin etmək üçün kifayət qədər qalıq sümük olmalıdır.
  2. Resipiyent sahə sümük transplantatının süngərvari aspektini canlı hüceyrələrlə maksimum təchiz etməlidir.
  3. Sümük transplantatı bərk və tam hərəkətsiz olmalıdır.
  4. Uğurlu ortopedik reabilitasiya üçün implantatlar düzgün yerləşdirilməlidir.
  5. Yara heç bir dartılma olmadan yaxşı bağlanmalıdır.
  • Kliniki hal.

18 yaşlı kişi idman zamanı xəsarət almışdır. Pasiyentin endodontik müalicə almış 12 nömrəli dişinin kötüyü sınmış və 11 nömrəli dişi isə hərəkətli olmuşdur. Heç bir dişi saxlamaq mümkün olmadı. Biz kötük fraqmentlərini çıxartmaq, dərhal sümük auqmentasiyası aparmaq və dental implantatlar yerləşdirmək qərarına gəldik.
Diş və kötüklər çıxarıldıqdan sonra 12 diş sahəsində üç-ölçülü sümük defekti, 11 diş sahəsində isə sümük fenestrasiyası yarandı. Lazım olan transplantatın diametri 6 mm diametrli trepan frezerlə müəyyənləşdirildi (Şək.1 və 2). Bütün auqmentasiya prosedurları üçün qonşu dişlərin sümük səviyyəsi sümük auqmentasiyasından sonrakı maksimal sümük səviyyəsi kimi nəzərə alınmalıdır.

Şəkil1 və 2. Lazım olan transplantatın diametri 6 mm diametri trepan frezerlə müəyyənləşdirildi.

Mental nahiyə münasib dilim vasitəsilə açıldıqdan sonra trepan frezerlə donor sahədə sümük transplantatının yeri müəyyənləşdirildi. Bu trepan frezerin ölçüsü auqmentasiya və ya resipiyent sahəsində istifadə olunan trepan frezerin ölçüsündən bir ölçü böyük olmalıdır (Şək.3). Bu ona görə lazımdır ki, transplantatın ölçüsü trepanın daxili diametri ilə müəyyənləşdirilir, o zaman ki trepan frezerin xarici ölçüsü preparasiya edilən resipiyent sahənin ölçüsünü müəyyənləşdirir. İki ayrı-ayrı diametrli trepan frezerlərinin istifadə olunması transplantatın preparasiya olunan sümüyə rahat yerləşdirilməsini təmin edir. Transplantatı donor sahədən çıxarmazdan əvvəl onun ortasında (sonradan implantatı yerləşdirmək üçün) kürəşəkilli burğu ilə dəlik açılır (Şək.4). Sonra bu dəlik istifadə olunan implantatın protokoluna uyğun olaraq (bu halda Friadent firmasın Ankylos implantatı istifadə olunmuşdu) müvafiq burğular vasitəsilə genişləndirildi. Bu etapda donor sahədəki süngərvari sümüyü də əsaslı penetrasiya etmək çox vacibdir.

Şəkil 3. Donor sahədə istifadə olunan trepan frezerin ölçüsü auqmentasiya və ya resipiyent sahədə istifadə olunan trepan frezerın ölçüsündən bir ölçü böyük olmalıdır.

Şəkil 4. Transplantatı donor sahədən çıxarmazdan əvvəl onun ortasında (sonradan implantatı yerləşdirməküçün) kürəşəkilli burğu ilə dəlik açılır.

Sümük halqasını asan çıxartmaq üçün sümük transplantatı trepan frezerlə lazım olan son dərinliyə qədər preperasiya olunmalıdır. Bunu heç zaman implantat üçün yuvanın tam hazırlanmasından əvvəl etmək olmaz, çünki əks halda biz sümük halqasını itirə bilərik (kortikal qat nazik olduqda) və sonrakı etaplar çətin olar. Həmçinin məsləhət görülür ki, sümük transplantatının içindəki implantatın yatağının diametri bir az böyük olsun, çünki kortikal sümük qatı çox nazik olduğu halda halqa şəkilli transplantat implantat vasitəsilə fiksasiya olunanda sına bilər. Bu həm də ona görə edilir ki, implantatı son vəziyyətdə yerləşdirdikdə kortikal sümüyün sərt qatı çətinliklər yarada bilər.
Halqaşəkilli sümük transplantatı sümük raspatoru və ya iskənə ilə asanlıqla çıxarılır (Şək.5). 11 diş bölgəsindəki fenestrasiya sahəsini örtmək üçün başqa bir sümük seqmenti götürülür, qüsur kollagen süngər ilə doldurulur və tikilir. Halqaşəkilli sümük transplantatının süngəri aspekti donor sahəyə çevrilmiş vəziyyətdə, kortikal aspekti isə implantatın boynu səmtinə çevrilmiş vəziyyətdə öz yerinə qoyulur (Şək.6).

Şəkil 5. Halqa Şəkil li sümük transplantatı sümük raspatoru və ya iskənə ilə asanlıqla çıxarılır.

Şəkil 6. halqa Şəkil li sümük transplantatı süngəri aspekti donor sahəyə çevrilmiş vəziyyətdə, kortikal aspekti isə implantatın boynu səmtinə çevrilmiş vəziyyətdə öz yerinə qoyulur.

Sonunda resipiyent sahə eyni trepan frezerlə preparasiya olunur (Şək.7). Bayıra çıxan sümük seqmentləri sümük iskənəsi ilə götürülür və sonrakı auqmentasion modelləşdirmə üçün yığılır. Sümük transplantatı resipiyent sahəyə yerləşdirildikdən sonra onun içindən burğu keçirilərək dental implantatın vəziyyəti müəyyənləşdirilir. İmplantatın yatağı resipiyent sahənin yerli sümüyündə transplantatın içindən keçən burğularla mövcud implantatın yerləşdirmə protokoluna uyğun preparasiya olunur (Şək.8). İmplantat özüdə həmçinin transplantatın içindən keçirilərək, yerli sümüyün krestal hissəsinə nüfuz edərək ilkin sabitlik əldə edir. Adapterlə konsentrik hərəkətlər hesabına implantatı subcrestal yerləşdirmək mümkün olur (Şək.9).

Şəkil 7. Resipiyent sahə eyni trepan frezerlə preparasiya olunur.

Şəkil 8. İmplantatın yatağı resipiyent sahənin yerli sümüyündə transplantatın içindən keçən burğularla mövcud implantatın yerləşdirmə protokoluna uyğun preparasiya olunur.

Şəkil 9. Adapterlə konsentrik hərəkətlər hesabına implantatı subcrestal yerləşdirmək mümkün olur.

11 diş bölgəsinə ikinci dental implantat yerləşdirilir, 12 dişin yerinə yerləşdirilən implantatın apikal sümük qüsuru isə mental nahiyyədən götürülmüş sümük seqmentinin hissəcikləri ilə doldurulur. Sümük transplantatının iti kənarları hamarlaşdırılır və sümük hissəcikləri ilə resipiyent sahənin anatomik quruluşu bərpa edilir (Şək.10). Bütün sahə membranla (Biogide, Geistilch) örtülür. Membran ilk olaraq apical səmtindən membran pinləri (Friadent) vasitəsilə immobilizasiya olunur. Sağalma dövründə transplantatın rezorbsiyasının qarşısını almaq məqsədilə, yaranı bağlamazdan əvvəl onun (transplantatın) üstü dənəvər sümük əvəzedici materialla (BioOss, Geistilch) örtülür (Şək.11).

Şəkil 10. Donor sahədən alınan süngəri sümük əlavə auqmentasion modelləşdirmə üçün istifadə olunur.

Şəkil 11. Yaranı bağlamazdan əvvəl transplantatın üstü dənəvər sümük əvəzedici materialla (BioOss,Geistilch) örtülür.

Ankylos implantatının yivinin xüsusi həndəsi forması əla ilkin stabillik əldə etməyə imkan verir və buna görə də onun iki-üç yivinin yerli sümüyə keçməsi belə bu texnika üçün kifayətdir. Üst çənə sinusunun dibinin qaldırılması üçün sümük auqmentasiya eyni qaydada aparıla bilər.

Şərh yazın

Daha öncə qeydiyyatdan keçdiysəniz, zəhmət olmasa hesabınıza GİRİN ki, hər zamanki kimi şərhləri öz adınızdan yaza biləsiniz. GİRİŞ üçün mütləq qeydiyyatdan keçmək şərt deyil - bunu Facebook, Twitter, Google, Yahoo, OpenID və WordPress hesablarınız vasitəsiylə də edə bilərsiniz.
Əğər bu sistemlərdə hesabınız yoxdursa, QEYDİYYATdan keçərək saytın bütün imkanlarından daha rahat istifadə edə bilərsiniz. Həmçinin yazı əlavə edə bilərsiniz və müzakirələrdə başqalarının sizin istifadəçi adınızdan (nickname) yazmağın qarşısını alarsınız.

  • Şərhi göndərməkdən əvvəl, QAYDALAR-la tanış olmağınızı məsləhət görürük.



Upload Files

Şərhlərinizə şəkil və müxtəlif növ fayllar əlavə edə bilərsiniz.